Quruculuq mərkəzinə çevrilən Qarabağ
Biz bu gün işğaldan azad edilən ərazilərimizdə erməni cəlladlarının illərlə törətdikləri vəhşiliklərə hər addımda rast gəlirik.Viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, Yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər barbar, vəhşi olduğunun sübutudur. Düşmənin bütün bu dağıntıları törətməkdə əsas məqsədi əlbəttdəki milli izlərimizi silmək, azərbaycanlıların bu torpaqlardakı mədəni kimliyini itirmək idi.Erməni vandallarının xarabalığa çevirdikləri tarixi yurdlarımızın bərpa olunması, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi bu gün Azərbaycanın qarşısında duran ən mühüm vəzifədir. Azərbaycan Prezidentinin azad olunan ərazilərdə açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi obyektlərin say tərkibinə diqqət yetirsək hazırda bu işlərin yüksək səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik.
2021-ci ilin oktyabrın 26-da istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı dünya praktikasında ən sürətli icra edilmiş infrastruktur layihələrindən biri oldu. Artıq Zəngilan Hava Limanınında da tikinti işləri davam edir. Laçın Hava Limanının isə yeri müəyyən edilməklə plansxemlər hazırlanıb və hazırda tikinti işlərinə başlanması üçün baza yaradılır. Həmçinin ötən il Zəfər yolu açıldı. İşğaldan azad edilmiş ərazilərdə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. Bu ərazilərdə elektrik enerjisinin təminatı ilə bağlı ötən il ərzində lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası, elektrik xətlərinin çəkilişi istiqamətində xeyli işlər görülüb. Dağıdılmış yarımstansiyaların bir qisminin tikintisi qısa müddət ərzində başa çatdırılaraq istifadəyə verilib, digər enerji infrastrukturu obyektlərində bərpa və gücləndirmə işləri həyata keçirilir.Həmçinin işğaldan azad olunmuş bir neçə şəhərlərimizin baş planı təsdiq edilib, bu plana əsasən dağıdılmış maddi və mənəvi irsimizin bir qismi bərpa edilib, digərlərinin də bərpası istiqamətində işlər davam etdirilir. Qeyd edək ki, bütün bu işləri Azərbaycan dövləti öz daxili imkanlarımız hesabına həyata keçirir. Prezident İlham Əliyev görülən işlərin fonunda qeyd etdiyi kimi biz təkcə maliyyə deyil, eyni zamanda, texniki baxımdan, mütəxəssislər baxımından da müstəqilik. Heç kimdən yardım almamışıq.
Tezliklə bərpa işləri sona çatacaq, böyük qayıdışa başlayan Ağalı kəndinin sakinləri kimi digər rayonlarımızın sakinləri də öz doğma yurd-yuvalarına qayıdacaqlar, Azərbaycanın həyatında sözün əsl mənasında yeni mərhələ başlayacaq.
Hüseynova Nərgiz
Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru
YAP Laçın rayon təşkilatı 49 saylı ƏPT-nin sədri
Oxunub: 134