XEBERNUR.info
 Valyuta məzənnəsi

Milli mətbuatın inkişafına dəstək dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Oxunub: 28 Tarix:15-07-2021, 21:22

Milli mətbuatın inkişafına dəstək dövlət siyasətinin prioritet istiqamətlərindən biridirMilli mətbuatın inkişafına dəstək dövlət siyasətinin
prioritet istiqamətlərindən biridir

“Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Azərbaycan milli mətbuatı çox çətin, eyni zamanda, zəngin və şərəfli inkişaf yolu keçmişdir. Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşri ilə qoyulub. 1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət və incəsənət ilə bağlı məqalələr dərc etmişdir. “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşmışdır.
Azərbaycan mətbuatı sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə təmsil olunub.
Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar. Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Bu gün Azərbaycanda Ulu Öndər Heydər Əliyevin siyasəti və ənənələri uğurla davam etdirilir. Ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlətin mətbuat siyasətinin əsas xəttini təşkil edir.
Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına hər cür şərait yaradılır. Mətbu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də böyük işlər görülür. Bütün bunlar Azərbaycan dövlətinin, şəxsən möhtərəm Prezident İlham Əliyevin mətbuatımıza göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.
27 sentyabr 2020-ci il tarixindən başlayan və 44 gün davam edən Vətən müharibəsi böyük qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti əvəzolunmaz idi. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər.
Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir, mətbuatın bütün sahələrdə funksionallığı sürətlə artır. Bu gün jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkar şəkildə məlumatlandırmaq missiyası durur. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbidir. Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir.

Fuad Heydər

YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini

Oxunub: 28



XƏBƏR LENTİ