XEBERNUR.info
 Valyuta məzənnəsi

Şəhidin doğum günündə bulaq kompleksinin açılışı oldu

Oxunub: 53 Tarix:18-07-2021, 10:04

Şəhidin doğum günündə bulaq kompleksinin açılışı olduBalakən rayonundan torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əliyev İmam Səfər oğlunun 23-cü doğum günü məzarı yanında anılıb. Anım mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Milli Məclisin deputatı Kamilə Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi, şəhidin yaxınları iştirak ediblər. Ziyarətçilər şəhidin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq, ruhuna dualar oxuyub.


Xebernur.info-nun xəbərinə görə, deputat Kamilə Əliyeva çıxış edərək şəhidlərimizin qanının yerdə qalmadığını bildirib. O, qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, Ordumuzun şücaəti, şəhid və qazi olmuş igid oğlanlarımız hesabına Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, şəhidlərimizin qanı alındı.


Deputat bildirdi ki şəhid qəhrəman övladlarımız heç vaxt unudulmayacaq. Onların adına bu cür bulaqlar tikiləcək, məktəblərə onların adı veriləcək, onlar haqqında əsərlər yazılacaq, filmlər çəkiləcək. Gələcək nəsillər öz qəhrəmanlarını əbədi yaşadacaqlar.


2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində İmam Əliyev iştirak edərək böyük qəhrəmanlıq nümayiş etdirib. Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra İmam Əliyev “Vətən uğrunda” medalı ilə təltif edilib.


Şəhid yaxınları Azərbaycan oğullarının Vətənə sədaqətindən, torpaqlarımızın azad edilməsi uğrundakı mübarizəyə necə ürəklə yollanmalarından, onların qısa, lakin şərəfli ömür yolundan danışmış, şəhidlərin xatirəsinin əziz tutulması, şəhid ailələrinə göstərilən diqqət və qayğıkeşliyə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.


Daha sonra I Qarabağ müharibəsi şəhidi Soltan Mehdiyevin adını daşıyan bulaq kompleksinin açılış mərasimi keçirilib. Kamilə Əliyeva çıxışında şəhid ailələrinə dövlət qayğısından bəhs edib. Prezident cənab İlham Əliyevin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb. Tədbirdə Hənifə kənd tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib.

Oxunub: 53



XƏBƏR LENTİ