XEBERNUR.info
 Valyuta məzənnəsi

ŞƏHİDLƏRİN RUHU VƏTƏNİMİZİN ƏBƏDİLİYİNİN TƏSDİQİDİR

Oxunub: 62 Tarix:5-06-2021, 20:51

ŞƏHİDLƏRİN RUHU VƏTƏNİMİZİN ƏBƏDİLİYİNİN TƏSDİQİDİR

ŞƏHİDLƏRİN RUHU VƏTƏNİMİZİN ƏBƏDİLİYİNİN TƏSDİQİDİR

Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan CABBAROV ELNUR ŞAHMURAD OĞLU haqqında bu hadisəni mənə Laçınlı əziz dostum və həmkarım, çox vətənpərvər bir insan olan HAMLET ABBASOV danışıb.

Arzularım varaq-varaq
Açam dağlara-dağlara.
Qanad çalam soraq-soraq
Uçam dağlara-dağlara.

Qayalardan gələn səsdi,
Tüstü-boran yolum kəsdi.
Yaylaq sərin, aran isti
Köçəm dağlara-dağlara.

Şəhidlərin nəğməsini,
Qoy ellər çəksin bəhsini.
Bu könlümün şöləsini
Saçam dağlara, dağlara.

Bu gəraylını şəhidlərin ruhuna böyük ustad aşıq Əhməd Sadaxlı hələ birinci Qarabağ savaşında bağışlamışdı. O vaxtdan bura az qala otuz il keçir. Vətənimizi bölüb-parçalamağa çalışan mənfur düşmənin tüstü-boranı neçə-neçə oğullarımızın arzularını varaq-varaq qoydu, yolunu kəsib bu dünyadan nakam apardı. Şəhidlər bu dünyadan nakam getsələrdə, milyonların könlünü şad edib, Qarabağ üçün yanan minlərlə ruhları sakitləşdirdilər. 2020-ci ilin payızında xalqımız böyük sınaqdan çıxdı. Bu sınaqdan çıxmağa xalqımızın müdrikliyi, milli həmrəyliyi, inamı, dövlətçiliyə hörmət və ehtiramı kömək etdi.
Torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhidlərin ruhu vətənimizin əbədiliyinin təsdiqidir. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Belə qəhrəmanlardan da biri əslən Laqçın rayonunun Qarakeçdi kəndindən olan
şəhid Cabbarov Elnur Şahmurad oğludur.
Elnur Şahmurad oğlu Ağcabədi rayonu ərazisində yerləşən laçınlı məcburi köçgünlərin müvəqqəti məskunlaşdığı Qarakeçdi obasında anadan olub (15 .09 1994). O, Laçın rayon Taxtakörpü qəsəbə orta məktəbində oxuyub (2001-2012). Atanın qanı, ananın südü ilə Elnurun canınıa, ürəyinə höpmuş Vətən olan sonsuz sevgi, Vətənə can fəda etmək duyğusu müəllimlərinin nəshiət ilə möhkəmlən-miş, milli ruhda xalqa, torpağa, Vətənə sevgi ilə böyümüşdür.
Ot kökü üstə bitər deyiblər. Elnurun qəhrəmanlığı da atadan, babadan onun qanına hopub bu günə gəlmişdi. Dağların qoynundan çağlayıb çıxan bulaq, özü ilə torpağın dərinliyindən yuyub gətirdiyi həyat nişanələrini bütün canlılara bəxş etdiyi kimi, Elnurun da qəhrəmanlığı mənsub olduğu nəslin dərin qatlarından gəlib üzə çıxmışdı. Elnurun babası Cabbar Cabbarov Azərbaycanda heyvandarlıq sahəsində SSRİ Dövlət Mükafatı Laueratı adına layiq görülən yeganə şəxs olub. Babasının qardaşı Mirzə Cabbarov X-XI çağırış Azərbaycan Ali Sovetinin deputatı olub.
XX əsrin əvvəllərindən başlayaraq dişinə qədər silahlanmış erməni qatil-quldurları əliyalın azərbaycanlılara qarşı soyqırım həyata keçirməyə başladılar. Bu zaman el qəhrəmanları əliyalın əhalini müdafiəyə qalxdılar. Elnurun atasnın babası– 1905, 1907 1915- ci illərdə azərbaycanlılara qarşı qətliamlar törədən erməni-daşnaq dəstələrinə qarşı qəhrəmancasına döyüşmüşdür. Atasının əmisi və dayısı 1941-1945- ci illlərdə Böyük Vətən Müharibəsində həlak olmuşlar. Bu cür böyük və qəhrəman nəslin davamçısı olan Elnur Şahmurad oğlununda yolu bablarının yolu, haqq yolu oldu. Onun ulu babasının Zəngəzurda mənfur düşmənlərimizə qarşı başladığı şərəfli yolu, Elnur canı-qanı bahasına Şuşada qeyrətlə, hünərlə ulu babalarının ruhuna şərəf gətirəcək qəhrəmanlıqla tamamladı.
Elnur Şahmurad oğlu Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdu (2013-2015). Daxili İşlər naziri Ramil Usubovun seçimi ilə Azərbaycan Respublikası "Polisə Dəstək" İctimai Birliyində xidmətə qəbul edilmişdir (2016).
Elnurun anası hələ körpəliyindən övladına Laçında qalan tarixi abidələrimizin, yurdların, bulaqların adlarını əzbərlədir, o yerlərin ab-havası, arzusu ilə onu böyüdürdü. Ana öz oğluna gələcəkdə Vətəni azad etmək uğrunda lazım olacaq ən vacib keyfiyyəti – VƏTƏN SEVGİSİNİ aşılayırdı:

Dolan gəl bu dağ ilə,
Gülü dər budaq ilə.
Laçında torpağa qoy,
Mən ölsən bu dağ ilə.

Od tutub yanaram mən,
Sirr sözün qanaram mən.
Laçından çıxan vaxtdan,
İlləri sanaram mən.

Laçının dağı bizdən,
Bağçası bağı bizdən.
Yağı gəlib yurd salıb
Alıb xoş çağı bizdən.

Qəlbən Qarabağa bağlı olan Elnur Vətənin azadlığı uğrunda gedən mübarizələrə qatılmaq üçün yollar axtarırdı. Elə buna görə də 2020-ci ilin iyun ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəliyyətə başlayır. O, başladığı yolun çox çətin və əzablı olduğunu yaxşı bilirdi. Ona görə də özünü təkcə mənəvi baxımdan deyil, həm də fiziki cəhətddən də bu çətin və şərəfli döyüşə hazırlayırdı. Artıq hər şeyə hazır olan qəhrəman Elnur Şahmurad oğlunu daxildən zamanın dəmir dişləri didib-dağıdırdı. O, tezliklə Vətən uğrunda savaşa başlamaq istəyirdi.
27.09.2020-ci il tarixdə 2-Qarabağ müharibəsi başlayan zaman Elnur ilk olaraq Ağdam istiqamətində döyüşlərə qatılmışdır. Döyüşlər başlayan gündən komandirlərin verdiyi əmrləri peşakarcasına icra edən Elnur, 3 nəfərdən ibarət rəhbərlik etdiyi heyyətlə birlikdə Tank Əlehinə İdarəolunan Raket Kopleksi (Spayk) vasitəsilə düşmənin hərbi texnikası və canlı qüvvəsinin məhv edilməsində peşəkarlıq göstərmişdir.
Elnur Cəbrayıl, Füzuli və Xocavən istiqamətlərində Xüsusi Təyinatlı Qüvvələrlə birlikdə ön cəbhədə döyüşlərdə iştirak etmiş, son döyüşü Şuşa şəhərinin azad olunması uğrunda olmuşdur. Komandanlığın verdiyi tapşırığa əsasən Laçın-Şuşa yolu bağlanmalı və Laçından Şuşa istiqamətinə hərəkət edən düşmənin hərbi texnikası və canlı qüvvəsinin qarşısı alınmalıydı...
...Qarabağ dağlarına artıq payız gəlmişdi. Laçın-Şuşa yoluna üç gün idi çökən qatı duman gecənin qaranlığını bir qədərdə artırıb, Elnurun dəstəsini düşmən gözündən qoruyurdu. Elnurgil şehli otların üstü ilə kol-kosun arasından ehtiyatla keçərək düşmən səngərinin çox yaxın məsafəsinə qədər gəlib çatmışdılar. Artıq ermənilərin səsini belə aydın eşiridilər. İndi onların beş addımlığında olan ermənilər vaxtı ilə bu dağlardan Elnurun qohum əqrabasını zülm ilə çıxarmışdılar. Vaxtı ilə anasının ona danışdığı yer adlarını fikirində canlandırır və indi dayandığı bu yerin adının nə olduğunu anasından soruşmaq keçdi könlündən. Evimizə qayıdanda bu yerlərin həqiqətəndə gözəl olduğunu anama danışacağam – fikiri ürəyindən gəlib keçdi. Qarşıdan gələn düşmənin səsi tez-tez onu fikirindən yayındırır, diqqətini toplamağa məcbur edirdi. Elnurgil danışmır, bir-birlərini baxışları ilə başa düşürdülər. Artıq vaxt idi, aralıdan gələn erməni hərbiçilərinə məxsus maşınlar buraya çatmamış burdakı ermənilər məhv edilib, yol bağlanmalı idi. Qəhrəman oğullar bir anda oturduqları yerdən qızılquş kimi şığıyıb düşməni silah işlətmədən məhv elədilər. Artıq Laçın-Şuşa yolu tam nəzarətdə idi. Heç nədən xəbərsiz yaxınlaşan düşmənə sarsıdıcı zərbə vurulmaqla xeyli sayda hərbi texnikası sıradan çıxarıldı və verilmiş tapşırıq uğurla yerinə yetirildi.
Bundan bir neçə gün sonra, Elnur, ikinci, daha ciddi hərbi tapşırıq alır. Bu tapşırıq yerinə yetirilən zaman şiddətli döyüşlər baş verir. Şiddətli döyüşlər zamanı düşmən tərəfin artileriya zərbələri nəticəsində yaralanmış döyüş yoldaşlarını ərazidən çıxararkən Elnur özüdə ağır qəlpə yarası alır (05.11.2020) və Müdafiə Nazirliyinin Hərbi Hospitalında şəhidlik zirvəsinə ucalır (12.11.2020).
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən Elnur ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Həmişə şəhidlərin dəfn mərasimində eyni hadisənin şahidi olmuşam. Övladını öz əlləri ilə torpağa tapşıran ATA cənazənin yarında əyilməyən qürur, fəxarət hissilə dayanır. Min əziyyətlərlə böyütdüyü oğluna, nə böyük arzular bəsləmişdi. Başını dik tutub, göz yaşlarını ovundurmağa çalışır. Söz düşəndə – “Onlarla belə oğul fəda edərəm Vətən uğrunda, təki Vətən sağ olsun” – deyir. Övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan ANA da “Vətən sağ olsun”, - deyir, oğlunun nəşi üstünə sərilən bayrağımızdan, onun əsgər yol¬daş-larından təskinlik tapır...
Elnur yeni ailə qurmuşdu, döyüşlərdə olan zaman qız övladı dünyaya gəlmişdi. Üzünü görmədiyi, adını özü qoyduğu körpə qızı yadigar qalıb. Elnurun bir amalı vardı, Laçına ilk bayraqı sancmaq. O, buna nail olmaq ərəfəsində düşmən mərmisinə tuş gəlib şəhid oldu. Onun bu arzusunu döyüş dostları yerinə yetrdilər. İndi Laçında, Şuşada üç rəngli Azərbaycan bayrağı dalğalanır. Bu səadəti, bu xoşbəxtliyi bizə bəxş edən şəhidlər heç vaxt yaddan çıxmayacaq, Qarabağ torpağında gələcəkdə dünyaya gələcək Azərbaycan övladları onların xeyr-duasını istəyəcəklər.
Şəhidlər – dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək yeridir.
Şəhidlər– keçmişimizdən, işıqlı sabaha boylanan, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdır.
Arzuları varaq-varaq qalan şəhidlər, qəbriniz nurla dolsun, rahat uyuyun. Sizin qəhrəmanlıq nəğmənizi, sizin könlünüzün şöləsini uğrunda can fəda etdiyiniz Vətən torpağında başı əbədi göylərə ucalan Qarabağ dağlarına üç rəngli Azərbaycan bayrağı hər gün yayır.
Şəhid bala arxayın uyu. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Əli ZALOV
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri, kimya elmləri doktoru.

Xəbərnur

Oxunub: 62



XƏBƏR LENTİ