XEBERNUR.info
 Valyuta məzənnəsi

Lider TV-nin taleyi necə olacaq?

Oxunub: 197 Tarix:23-06-2020, 02:07

Lider TV-nin taleyi necə olacaq?

Lider TV-nin müflis elan edilməsi ilə bağlı məhkəmə hökmü qüvvəyə minəndən sonra onun lisenziyasına xitam veriləcək.

Ancaq Milli Televiziya və Radio Şurasının rəsmisi Fazil Novruzov BBC News Azərbaycancaya deyib ki, buna qədər hüquqi prosedurlar var: "Məhkəmə hökmü qüvvəyə minəndən sonra qərar bizə də gələcək və müvafiq qanunla bu halda lisenziyaya xitam verilməlidir".

İyunun 16-da Bakı Kommersiya Məhkəməsi Lider televiziyasının müflis elan edilməsi ilə bağlı iddianı təmin edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin məhkəməyə təqdim etdiyi iddia Lider TV-nin ona borclu olması ilə əsaslandırılıb.

Milli Televiziya və Radio Şurasının rəsmisi Fazil Novruzov deyir ki, Lider TV-nin müflis elan edilməsi ilə bağlı verilən məhkəmə hökmü hələ qüvvəyə minməyib. Qarşı tərəf apellyasiya verərsə, bu proses müxtəlif məhkəmə instansiyalarında baxılmalıdır.

Lider televiziyasının Prezidenti Ədalət Əliyev BBC News Azərbaycancanın suallarına cavab verməyib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi Lider TV-nin quruma nə qədər borcu olduğu açıqlanmır.

Yerli mətbuatda hələ 2017-ci ildən Lider TV-də maliyyə çətinliklərinin yaşandığı, sonrakı üç ildə bu vəziyyətin davam etdiyi, bəzi əməkdaşlara maaşlarının bir qisminin verildiyi, bəzilərinin ümümiyyətlə əmək haqqı almadığı xəbərləri yayılıb.

"Borcları vermək üçün əmlakı satışa çıxarılmalıdır"
Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli BBC News Azərbaycancaya deyib ki, "indi məhkəmə qərarı tam qüvvəyə minməlidir."

"Appelyasiya ehtimalı var. Məhkəmə qərarı tam qüvvəyə minən zaman Milli Teleradio Şurası lisenziyanı dayandırmalıdır. Teleradio haqqında qanuna görə, televiziyanın - lisenziya alan tərəfin maddi və texniki imkanları tam təchiz olunmalıdır. Müflis olmuş birinin maddi imkanı yox deməkdir, bu isə artıq lisenziyanın davam etmək şərtini aradan qaldırır. Teleradio şurası onun lisenziyasını geri alır və fəaliyyətini dayandırır".

Ələsgər Məmmədli deyir ki, müflis elan olunduqdan sonra şirkətin öhdəliklərinin qarşılanması üçün onun əmlakı satışa çıxarılır və Lider TV ilə bağlı məhkəmə qərarı qüvvəyə minəndən sonra hüquqi prosedur belə davam etməlidir.

"Güman ki, "Lider"ə maliyyə dəstəyi kəsilib"
"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev ehtimal edir ki, Lider TV-yə maliyyə dəstəyi kəsilib: "Ola bilsin ki, verilişlər zəifdir, baxış azalıb və buna görə də reklam az gəlir və ya qeyri-leqal pulu verən hakimiyyət televiziyanın vəziyyətinə baxıb hesab edir ki, effektiv xərclənməyib və indiki vəziyyətdə [bu telekanal] lazım deyil".

Mehman Əliyevin daha bir ehtimalına görə, vaxtilə ayrılmış vəsaitlər təyinatı üzrə xərclənməyib və hakimiyyət də bunu bilir və bundan narazıdır: "Müxtəlif səbəblər ola bilər, amma bu faktdır ki, onların vəziyyəti uzun müddətdir ki, yaxşı deyi. Bu özünü 2015-ci ildən, maliyyə böhranı başlayanda biruzə verib".

"Mənəvi cəhətdən iflasa uğramış televiziya idi"
Media eksperti, teletənqidçi Qulu Məhərrəmli deyir ki, "Lider"in müflis elan olunması əslində iqtisadi proses kimi təqdim olunsa da, bunun arxasındakı kod işarəsi ondan ibarətdir ki, Lider televiziyası bundan sonra fəaliyyət göstərməyəcək, çünki onun fəaliyyət göstərməsi "məqsədəuyğun sayılmır".

Qulu Məhərrəmli hesab edir ki, müstəqil televiziyanın "bir parçası olan bu televiziya" yeni fəaliyyətə başlayanda "pis başlamayıb, ilk dövrlərdə cəmiyyətdə rəğbət doğurub və tamaşaçılar bu televiziyanın efirində çoxlu maraqlı sənədli filmlər izləyiblər".

Cənab Məhərrəmli təəssüflənir ki, "sonralar Lider televiziyası hakimiyyətin əlində özünün siyasi opponentlərini divara sıxışdırmaq, onları ifşa etmək, haqlarında xoşagəlməyən, etikaya sığmayan materiallar verməyə başlayıb.

Onun fikrincə, Lider TV "mənəvi cəhətdən iflasa uğrayıb". Telekanal rəhbərliyinin bu iddialara reaksiyasını öyrənmək mümkün olmayıb.

Qulu Məhərrəmli hesab edir ki, vaxtilə Lider TV-də peşəkar mühit olub və hətta bir çox beynəlxalq layihələri ölkəyə ilk dəfə "Lider" gətirib.

"Amma bütövlükdə o lazım olan xətti, yolu gedə bilmədi və bugünki müflisləşməsi, iflası və fəaliyyətini dayandırmasını mən qanunauyğun hesab edirəm".

Qulu Məhərrəmliyə görə, hələ ki, televiziya sahəsində qeyri-müəyyənlik var:

"Bu qeyri -müəyyənlik də ondan ibarətdir ki, bu televiziyalar hansı yolu gedəcək, hansı dəsti-xətti aparacaq? Bunlar doğrudanmı cəmiyyətin tələbatına cavab verəcək, doğrudanmı informasiya kanalı kimi, ya hansısa kommersiya qurumu və ya bədii televiziya kimi fəaliyyət göstərəcək? Bir çox tv-lərin fəaliyyəti biri-digərinin fəaliyyətini təkrar edir. Biz ya yaxşı ictimai maraqlara cavab verən televiziyalara sahib olaq, ya da bu cür tökülüb-itən, ictimai mesaj verə bilməyən və heç bir KİV dəyəri olmayan televiziyalarla üzülüşməliyik, İndi bu xətt necə aparılır? Hansı münasibətlər rol oynayır? Niyə məhz Lider TV? Digər televiziyalar ondan yaxşıdırmı? - bax, bu sualların cavabı verilməlidir."

Media yenidənqurulma mərhələsində?
Televiziyalarla bağlı ictimai rəyi öyrənmək üçün vaxtaşırı sorğu keçirdiklərini deyən Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc əlavə edir ki, bu sorğular televiziyaların cəmiyyəti "əldə saxlamaq, onların maraq və mənafəelərini tamamilə düzğün əks etdirməkdə" problemləri olduğunu üzə çıxarıb.

Zahid Orucun fikrincə, bu vəziyyət, ictimai-siaysi durumda müəyyən qədər eyniyyət, rəqabət qabiliyyətinin bir qədər zəifləməsi, siyasi jurnalistikanı, iqtisadi jurnalistikanı zəiflətdi və bu, özünü televiziyaların durumunda hiss elətdirdi. "Sonunda vətəndaş ordan qopdu, özünə alternativ ünvanlar axtardı və tapdı,"- o, əlavə edir.

Zahid Oruc hesab edir ki, televiziyaların azad iqtisadiyyatın bir parçasına çevrilməsinə ehtiyac var və bu gün Azərbaycanda media yenidən qurulma mərhələsindədir: "Necə deyərlər, bu dalğa artıq gəlib onlara da çatıb. Arzulayaq ki, bu dalğa bank sektorundakı kimi kimlərinsə ləğvi ilə sonuclanmasın".

Oxunub: 197



XƏBƏR LENTİ