XEBERNUR.info
 Valyuta məzənnəsi

"Xudafərin körpüsü", “Çaldıran döyüşü”, "Qarlı aşırım"ı yazan, Qəmloya görə hədələnən Fərman Kərimzadənin ömür yolu...

Oxunub: 269 Tarix:20-03-2021, 02:47

"Xudafərin körpüsü", “Çaldıran döyüşü”, "Qarlı aşırım"ı yazan, Qəmloya görə hədələnən Fərman Kərimzadənin ömür yolu...



Vedinin yanı dağlar,

Ürəyi, canı dağlar,

Burda bir el var idi,

Siz deyin, hanı, dağlar? -

deyən Azərbaycanın tanınmış tarixi romanlar müəllifi, Xalq yazıçısı, kino-redaktor, bir çox filmlərin ssenari müəllifi FƏRMAN KƏRİMZADƏ.


Xatırlayaq. Ruhu şad olsun.

O ömrün aşırımlarını aşa bilməsə də, tarixin aşırımlarını aşacaq və ədəbiyyatımızda əbədi qalacaq.

Cəmi 52 il yaşadı Fərman Kərimzadə, indi ruhu Azərbaycan torpağını, Vedini, Gəncəbasarı, Beyləqanı, Təbrizi, Dərbəndi, Bakını dolaşan böyük yazıçı, dostlarının və oxucularının xatirindən heç vaxt silinməyəcək ipək xasiyyətli İnsan...

1937-ci ilin 3 mart günündə qədim Azərbaycan torpağı Vedidə dünyaya göz açmışdı. Yarandığı gündən müharibələr meydanına çevrilən Vedi torpağı XX əsrdə ən faciəli tarixini yaşadı. Təkcə Vedi yox, İrəvan xanlığının digər Azərbaycan torpaqları da bu cür müsibətlə, xəyanətlə üzləşdilər. Ancaq Vedinin o zaman Abbasqulu bəy Şadlinski kimi nadir, bəlkə də bir daha dünyaya gəlməyəcək sərkərdə, ağsaqqal oğlu vardı. Öz döyüşçü məharəti və ağıllı tədbirləri ilə Abbasqulu bəy iki il erməni generalları ilə vuruşdu, vedililəri mühasirədən çıxarıb Cənubi Azərbaycana apardı, ara sakitləşəndən sonra 1921-ci ildə geriyə-öz doğma torpaqlarına qaytardı. (Sonralar Fərman Kərimzadə Abbasqulu bəyin bu tarixi xidmətini "Vedinin yanı dağlar" publisistik yazısında qeyd edəcəkdi).

İllər keçəcək,taleyin sərt qılıncı həmişə Veinin başı üzərində dolanacaqdı. Nəhayət, 1951-ci ildə sonuncu köçürülənlərdən olacaqdılar.

Onlar səfalı Vedidən Azərbaycanın isti, qızmar bir aran rayonuna - Beyləqana - Şahsevən kəndinə gəldilər. Yerli şəraitə, təzə iqlimə alışa bilməyənlərin çoxu buradaca ömürlərini tapşırdılar...

Sonralar Fərmam Kərimzadə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil aldı. (1955-1960).

3 il İsmayıllı və Beyləqan rayonlarında orta məktəbdə müəllimi kimi fəaliyyət göstərib (1962-1965).

Sonrakı illərdə "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, məsul katib işlədi (1962-1965). Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirib (1965-1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966-1970), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kollegiya üzvü (1970-1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977-1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980-1981) oldu.

Qələmini də yerə qoymadı.

Ötən əsrin 80-ci illərində onun kitabları əldən- ələ gəzirdi. İlk dəfə Şah İsmayıl Xətaini bizə o, tanıtdırdı, Abbasqulu ağa Şadlinskini o, sevdirdi. Əsərləri çoxumuzun evində masaüstü kitab idi.

"Son eksponat”, “Toy toğlusu”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalı” hekayələri, “Xallı maral”, “Toy dəvətnaməsi” povestləri böyük uğur qazansa da, yazıçı daha çox “Qarlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi tarixi romanların, “Təbriz namusu”, “Qoca qartalın ölümü” əsərlərinin müəllifi kimi tanınıb.

Onu yaxından görməyi, onunla ünsiyyətdə olmağı hər bir kitabsevər arzulayırdı…

O, İbtidai təhsilini doğma yurdda alsa da, orta məktəbi Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdi. 1955-1960-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxumuşdu...

Rəssamlıq Məktəbini bitirən Fərman Kərimzadə bir müddət orta məktəbdə dərs deyib. Müxtəlif illərdə Dövlət Teleradio Verilişləri Komitəsində, “Azərbaycanfilm” kinostudiyasında, “Ədəbiyyat və İncəsənət” qəzeti redaksiyasında çalışıb.

Fərman Kərimzadənin “Qarlı aşırım” romanı əsasında çəkilmiş “Axırıncı aşırım” filmi Azərbaycan kinosunun ən gözəl nümunələrindən hesab olunur.

Yazıçının “Xudafərin körpüsü” və “Çaldıran döyüşü” tarixi romanları, digər povest və hekayələri bu gün də maraqla oxunur.

Yaradanın işinə qarışmaq olmaz, hər kəsə var olmaq üçün möhlət verib. Biz ona ömür deyirik. Xoşbəxt o kəslərdir ki, ömrünü xalqa xərcləyə bilir, özündən sonra yadigar saxlamağı bacarır. Fərman Kərimzadə kimi.

O, 1989-cu il mart ayının 17-də, 52 yaşında vəfat etdi.

Allah rəhmət eləsin.

Ruhu şad, məkanı cənnət olsun!

Jurnalist Hidayət Elvüsal: "Dostumuz, qardaşımız. Kəlbəcərə, Sücaətlə görüşməyə gələrdi. Ən əziz qonaqlardsn, əzizlərdən idi. Böyük olduğu qədər də sadə Fərman Kərimzadə.

Sonuncu dəfə Ermənistan sərhədinə getdi. Qarlı bir gündə. Doğulduğu qədim Azərbaycan torpağının havasını uzaqdan ciyərlərinə çəkdi. Səhəri gün Tərtərə qayıdıb qaçqın düşmüş yurddaşları ilə görüşəndə, ürəyi dözmədi...

Nur içində yatsın."

Xatirələrdən:

Atası İsmayıl Şeyx Əlioğlu hüquq işçisi, qatı kommunist, sovet ideologiyası daşıyıcısı olub.

***

Fərman Kərimzadənin anası Qəmər xanım təhsilsiz qadın olub. Amma Azərbaycan bayatılarını, mahnılarını, folkloru gözəl bilirmiş. Fərman Kırimzadə də digər övladlar kimi, o nağıllarla və bayatıların avazı ilə böyüyüb.

Deportasiya olunandan sonra ağır günlər yaşayıblar. O, yazılarından birində yazır ki, Beyləqandan ayağımda qaloşla Bakıya üz tutdum, oxumaq üçün.

***

Orta məktəbdə yaxşı rəssamlıq qabiliyyəti olduğu üçün hamı onun rəssam olacağını zənn edirmiş. Yazıçı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olunub. Rəssamlığı başa vurandan sonra 3 il İsmayıllıda, Beyləqanda orta məktəblərdə dərs deyib. Bu dövrlərdə onun ilk hekayələri artıq müxtəlif qəzetlərdə çap olunmağa başlayır. Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsini bitirir.

***

Həyat yoldaşı Xalidə xanımla Bakıda tanış olublar. Xalidə xanım Tibb Universitetində təhsil alırmış. Fərman Kərimzadə Tibb Universitetinə bir kəndçisi, orta məktəb yoldaşı olan qızın ziyarətinə gedib-gəlirmiş. Xalidə xanımı da o zaman görüb. Görən kimi də vurulub. Heç ləngimədən bir neçə günün içində elçilərini göndərib.

Qız evi imkanlı olduğundan Xalidəni kasıb yazıçıya vermək istəməyiblər. Bəhanə gətiriblər ki, yemək bişirə bilmir, hələ uşaqdır. Fərman Kərimzadənin dostu Məmməd Aslan qızın “hə”sini alacağına boyun olsa da, elçilər evdən qovulur. Başqa yolu qalmayan Fərman qızı götürüb qaçırır.

***

Heç bir etiraz etmədən yazıçıya qoşulub qaçan qızın gözlərindən bircə damla yaş axır. Xalidə xanım müsahibələrində o günləri belə xatırlayır: “Mən oxuduğum Tibb məktəbində Fərmanın kəndçiləri də vardı. Tez-tez gələrdi onları görməyə. Qızlar bizi küçədə tanış etdilər. Görürdüm, hər gün məktəbin qabağında dayanıb, bizə baxırdı. Elə bilirdim rəfiqəm Gülçöhrəni istəyir. Bir dəfə mənə məktub verdi ki, Fərman sənə göndərib. Məktubu oxuyanda gördüm ki, mənə yazılıb.”

***

Ssenarisi əsasında çəkilmiş “Axırıncı aşırım” filmi ekranlara çıxandan sonra yazıçı xeyli əziyyət çəkib.

Qızı Yeganə xanımın dediyinə görə, atasını öldürməklə hədələyirmişlər. “Bir dəfə bibimgilə getmişdim, bir kişi gəlib dedi ki, o uşaqları niyə bura göndərirlər, indi atalarının heyfini uşaqlarından alaq? Çox qorxdum. Sən demə, Qəmlonun qohumlarından imiş. Onlar deyirdilər, guya Qəmlonu qəsdən mənfi qələmə verib. Atam heç nəyi yalan yazmayıb. Qəmlo həqiqətən, elə adam olub. Nənəmdən də eşitmişəm. Qəmlonu qadınlar yabayla öldürüblər. Kişilər güllə vurub, görüblər ölmür, özünü samanlığa vurur, qadınlar yabayla düşüblər üstünə. Amma erməniyə qarşı döyüşüb. Bizim babamızla bir yerdə vuruşublar. Mərdlikləri də varmış”.

Filmdəki Xəlil obrazı Fərman Kərimzadənin doğmaca dayısı oğlu olub. Deyilənə görə, yazıçının anası ölənə qədər Xəlil deyə-deyə bayatılar deyirmiş. Abbasqulu bəy isə yazıçının atasının ən yaxın silahdaşı, qohumu, dostu olub. Kərbəlayi İsmayıl da yaxın adamı olub.

***

Qəmlonun əsl adı Qəmbəralı imiş, Qəmlo deyirmişlər. Yaxın adamlar nə qədər israr etsələr də, yazıçı onun adını Qəmbəralı kimi yox, Qəmlo kimi yazır.

Nəsrəddin Tusi haqqında əsər yazıbmış. Yazıb bitirəndən sonra əsər yaşadığı evdən yoxa çıxıb. Andranik haqqında yazdığı əsər də eyni taleyi yaşayıb.

***

Günlərin birində isə gecə hamı yatandan sonra onların evinə naməlum bir qadın gəlir. Onun gəlişini qızından başqa heç kim görmür. Səhəri gün bu əhvalatdan xəbər tutan valideynlər uşağa gülsələr də, bir neçə saatdan sonra məlum olub ki, yazıçının Andranik haqqında yazdığı əsər evdən oğurlanıb.

Yuqoslaviya müharibəsi ilə bağlı daha bir roman 1993-cü ildə oğurlanıb. Fərman Kərimzadə sonradan yazıb ki, onların KQB tərəfindən götürüldüyünü öyrənib.

***

Qızı Yeganə xanım danışır ki, 1986-cı ildə Naxçıvana bacısının toyuna gediblər. Ordan da Vediyə baş çəkiblər: “Məni də apardı. Bir-bir ata-baba yurdumuzu bizə göstərdi. Dedi, ölüb qalmaq istəyirəm burda. Orda bir ağız da “Apardı sellər Saranı” mahnısını oxudu..."

***

“Qarlı aşırım” romanı Fərman Kərimzadəyə çox böyük şöhrət gətirib. Təkcə “Xudafərin körpüsü”nə görə 32 min rubl alıb. Film çəkiləndən sonra ona kinostudiyanın binasından 5 otaqlı ev də veriblər. Həmin vaxt Şahmar Ələkbərovun iki qızı vardı, bölgüdə erməni ilə eyni kommunal mənzilə düşüb. Fərman Adil İsgəndərova deyir ki, mənim evim dörd otaqlı olsun, əvəzində Şahmara ayrıca ev verin.

***

1989-cu ilin martında Fərman Kərimzadə Tərtərdəki həmyerlilərinə yardım üçün gedəndə oradakı insanların acınacaqlı vəziyyətinə dözə bilməyib yıxılıb. Həkimlər gələndən sonra məlum olub ki, yazıçının beyninə qan sızıb. Elə həmin gün yazıçı dünyasını dəyişib...

Son söz yerinə:

Qızı Yeganə Kərimzadə: Bu gün dünyaya gəlmişdi Fərman Kərimzadə, canım atam!

Xüsusi qeyd etmələri sevməsə də, anam, üç qızı pərvanə olub dayanmadan hazırlıqlar görərdik onun doğum günü üçün. Qonşu qadınlar da bizə qoşulardı. Bilirdik ki, axşama ev dolu olacaq, gələnləri çağırmağa ehtiyac yox idi hamı 3 mart gününün Fərman günü olduğunu bilirdi, özündən başqa.

Özü çox vaxt unudardı bu günü, amma etdiklərimizi görəndə sevinirdi, çünki dostları, insanları çox sevirdi. Bu səbəbdən evimiz həmişə qonaqlı-qaralı olardı. Kimlər olmamışdı o evdə. Xatirələrimi oyatmağa belə qorxuram, o səslər yenidən əks-səda verib geri, ata ocağımıza səsləyir...

Xalq artisti Alimin səsini ilk dəfə evimizdə eşitmişəm. Onu eşidən hamı heyrətlənib, atamın gözləri dolub.

Sevimli kino aktyorlarımız Həsən Məmmədovun sakit, təmkinli səsi, Rasim Balayevin parodiyaları, Şahmar Ələkbərovun unudulmaz səsi, Bayram Bayramovun, Abbas Abdullanın ağayana görünüşü, əmimin, dayılarımın, bibilərimin, xalalarımın doğma baxışları, qonşumuz Lumu xalanın "ləvəngilərimi bəyəndilər görəsən?" deməyi və daha nələr...

Ev telefonu da susmaq bilmir, Moskvadan ədəbiyyat fondundan zəng edib təbrik edirlər. Ukrayna, Qazaxstan, Qrğızstan, Özbəkstandan tanınmış yazıçılar zəng edib, təbrik edir.

Məktublar, teleqramların ardı-arası günlərlə kəsilmir...

Onu çox sevirdilər. Onu çox sevirdik. Bir günümüzü atasız təsəvvür etmədiyimiz halda artıq 32 ildi onsuzuq.

Evimiz isə onsuz tamam boşalıb sanki...

Dünən bacılarımla birgə yad etdik atamızı, anamızı, bu gün isə təkcə oturub, xatirələrdə azmışam...".

Xalq yazıçısı Fərman Kərimzadəni, o qüdrətli, vətənini canından çox sevən insanı zamanında - dünən də hər kəs sevdi və bu gün də çox sevirlər...

O, ömrün aşırımlarını aşa bilməsə də, tarixin aşırımlarını aşacaq və ədəbiyyatımızda əbədi olaraq qalacaqdır...

Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Oxunub: 269



XƏBƏR LENTİ